HAQQIMIZDA

 Mobil cihazların qeydiyyatının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmişdir. Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) yaradılmışdır.

   Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Mobil cihazların qeydiyyatı ilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması, telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması, qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması təmin edilir.

   Qeydiyyat sistemi fəaliyyətə başlamadan öncə qarşya çıxan problemlərin həll edilməsi, və onun quraşdırılmış sistemlə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılmış və nəticəyə uyğun tədbirlər görülmüşdür.

   MHM İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir və hazırda İSO 27001 beynəlxalq sertifikatının alınması mərhələsindədir. Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır.

Müəssisənin əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir:


  • Müasir billinq sistemlərinin layihələndirilməsi və istismarı;
  • Respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsinin – AzDataKom-un idarə edilməsi;
  • Fiziki və hüquqi şəxslərə internet və data xidmətlərin göstərilməsi;
  • Açıq Açar İnfrastrukturunun qurulması məqsədilə Milli Sertifikasiya Xidmətləri Mərkəzinin fəaliyyətinin təşkili;
  • Elektron İmza texnologiyalarının və sertifikatların respublikada yayılması;
  • “Elektron hökumət” infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma əsasında fiziki və hüquqi şəxslər tərəfindən istifadəsinin təmini;
  • Mobil cihazların qeydiyyatının təşkili;
  • Rabitədə istifadə edilən ilkin texnoloji informasiyanın inteqrasiya emalı əsasında müasir elektron-hesablama texnikasının və yeni riyazi üsullardan istifadə edərək, tapşırıq kompleksi və sistemlərin istismara daxil olması və hazırlanması;
  • Yeni texnologiya və müasir hesablama texnikasının tətbiqi üzrə proyektlərin hazırlanması;
  • İnformasiyanın texniki müdafiə vasitələri ilə sanksiyalaşmamış müdaxilələrdən qorunması, proqram vasitələrinin tətbiq edilməsi, quraşdırılması, montaj edilməsi, sazlanması, təmiri, sınaqdan keçirilməsi və servis xidməti;
  • Kommunikasiya və informasiya texnologiyaları sahəsində təlim və ixtisas üzrə təkmilləşmə kurslarının təşkili və keçirilməsi;
  • Kommunikasiya və informasiya texnologiyaları sahəsində reklam məsləhəti və vasitəçilik xidmətlərinin göstərilməsi və texnoloji injinirinqi;
  • Operativ rejimdə hesablama işlərinin yerinə yetirilməsi;
  • Tətbiqi proqramların və yeni texniki-sistem həllinin sınaqdan keçirilməsi;
  • Sifarişçi mütəxəssislərin öyrədilməsi, personalın yenidən hazırlanması və öyrədilməsi;
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin informasiya portalının saxlanması;
  • İdarə daxili videokonferensiya rabitəsinin təşkil edilməsi.