Sual-Cavab


Mobil cihazların qeydiyyat sisteminin yaradılmasında zərurət nədir?  

   Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradacaqdır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, mobil cihaz oğurluğunun sayı və bununla bağlı ölüm hadisələri xeyli azalmışdır. Belə hadisələri önləmək və oğurlanmış cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sistemin yaradılması məsələsi ortaya çıxmışdır
   Beləliklə, dünyanın bir çox ölkələrində oğurlanmış mobil cihazlar müxtəlif yollarla Çin Xalq Respublikasına, Tailand, Malayziya, Birləşmiş Ərəb Əmirliklərinə və s. digər ölkələrə gətirilir və burada həmin cihazlar üzərində müxtəlif yenilənmə əməliyyatları aparıldıqdan sonra təkrar istismar üçün qeydiyyat sistemi olmayan ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilir. Umumiyyətlə, bu tip mobil cihazların texniki parametrləri standartlara uyğun olmur, keyfiyyət əmsalları aşağı olur və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayırlar. Belə cihazların ölkəyə idxalının qarşısı alınacaqdır.
   Sistem mövcud olmadığı halda, belə mobil cihazların istismarında problem yaşanmır. Sistemin mövcudluğu ilə ölkə ərazisindəki mobil operatorlar öz şəbəkələrində həmin mobil cihazların istismarına məhdudiyyət tətbiq edir. İtirilən və ya oğurlanan mobil cihazlardan istifadə mobil cihaz qeydiyyat sisteminə müraciət əsasında dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Nəticədə mobil cihazların oğurluq hallarının qarşısı alınacaqdır. Deməli, qeydiyyat sistemi eyni zamanda, insan amili üçün önəmli rola malikdir.
Mobil cihazların qeydiyyat sistemi nədir?

   Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.
Ağ səhifə-istifadəsinə icazə verilən mobil cihazların İMEİ nömrələri;
Qara səhifə- istifadəsinə icazə verilməyən mobil cihazların İMEİ nömrələri;
Boz səhifə- keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələrindən ibarətdir. Bu səhifədə olan İMEİ  nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
İMEİ nömrəsi nədir?

   Mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. (İMEİ-International Mobile Equipment Identification). Bu beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın öz İMEİ nömrəsi var və bu 15 rəqəmdən ibarətdir.
Mobil cihazımın IMEI nömrəsini bilmirəm. Bunun necə öyrənmək olar?

   Hər-hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar.
Mobil cihazların qeydiyyatının aparılması necə həyata keçiriləcəkdir?

   Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə (http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini, bildirməklə yanaşı, mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
   Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun İMEİ nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
   Abunəçilərə rahatlıq yaradılması məqsədi ilə www.imei.az internet səhifəsinin yaradılmışdır ki, abunəçilər istifadə edəcəkləri mobil cihazların İMEİ nömrələri barədə məlumatları həmin internet səhifəsindən əldə edə biləcəklər.
Mobil cihazların qeydiyyatı zamanı rüsum tələb olunurmu?

   Fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz.
Ağ səhifədə qeydiyyatda olan mobil cihazların təkrar qeydiyyatı tələb olunurmu?

   Xeyr. Ağ səhifədə qeydiyyatda olan mobil cihazların təkrar qeydiyyatı tələb olunmur.
Qeydiyyat sisteminin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların İMEİ nömrələri hansı səhifəyə daxil ediləcəkdir?

   Qeydiyyat sisteminin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların İMEİ nömrələri Qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil ediləcəkdir.
Mobil cihaz itirildiyi və ya oğurlandlğı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?

   İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş vəya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edilir. Qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın İMEİ nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
Məlumat Mərkəzinə necə zəng etmək olar?

   Həm sabit, həm də mobil telekommunikasiya şəbəkəsindən “1677” nömrəsini yığmaqla həftənin 7 günü, saat 9:00 dan 21:00- a kimi məlumat mərkəzi ilə əlaqə yaratmaq olar.
Mobil cihazımın İMEİ nömrəsinin qara səhifədə olub-olmamasını necə öyrənmək olar?

   www.imei.az internet səhifəsindən İMEİ nömrəsini daxil etməklə öyrənmək mümkündür.
Bu qayda rouminq abunəçilərinə də şamil ediləcəkdirmi?

   Bu Qayda Azərbaycan Respublikasının ərazisində beynəlxalq rouminq (xarici telekommunikasiya operatorunun abunəçisinin SİM kartı vasitəsilə Azərbaycan Respublikasında mobil operatorların şəbəkələrindən xidmət alması) xidmətindən istifadə edən abunəçilərə şamil olunmur.
İtirilən mobil cihazı necə tapmaq mümkündür ?

   Cihaz itirilmişdirsə, onun tapılması üçün ilkin olaraq hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.
Xarici ölkələrdən gətirilən və gömrük prosedurundan keçən hər mobil cihaz qeydiyyata alınırmı?

   Əgər xarici ölkədən gətirilən mobil cihazın İMEİ nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır.
Azərbaycan Respublikasında qısa müddətli səfərdə olan xarici ölkələrin vətəndaşları yerli mobil operatorların SİM kartlarından istifadə edərsə, həmin cihazın qeydiyyatı necə aparılır?

   Hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir.
Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun İMEİ nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əslini) mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir.
Telefon satışı ilə məşğul olan dükandan aldığım cihazın İMEİ nömrəsini saytınız vasitəsi ilə yoxladım və qaydalara uyğun deyil cavabını aldım. Nə etməliyəm?

   Bu cihaz ola bilər ki, ölkəyə qeyri-qanuni yollarla idxal edilib, və ya işlənmiş telefon üzərində bəzi hissə dəyişiklikləri edilərək, yeni kimi satılıb. Bu halda, qara siyahıda olan cihaz alındığı dükana geri qaytarılmalıdır.